lichess.org
Donate

Din

....Mövcuddursa , onun mənə ilk sözü bu olacaq: “Bax, gördün?! Mən varam...”

P.S.
Mən “Dəyanət lisey”-ində təhsil alıram. Orada mənəviyyat,qurani-kərim,türk dili kimi fənlər tədris olunur. Qeyd : Burada yazılanlar Azərbaycan cəmiyyətinə aiddir.

MƏNİM DÜŞÜNCƏLƏRİM

Dəyanət liseyinə girdikdən sonra müşahidə etdim ki, din heç də deyildiyi kimi insanın daxili dünyasını nizamlayan, mənəvi ehtiyaclarını ödəyən təlim deyil. Din insanın sosial münasibətlərinə təsir edən, şəxslərin cəmiyyətlə və başqa şəxslərlə əlaqələrini tənzimləyən bir təsir vasitəsidir. Bu gördüyüm məqamlar məni qorxutmağa başladı. Adətən dindar insanlar çalışırlar ki, hamı onların “düzgün” saydığı tərzdə yaşasın, hamı onların lazım bildiyi kimi qərarlar qəbul etsin. Bu, çox qorxuludur. Əgər bir insan öz düşündüyünü ən düzgün yol hesab edirsə, bu, artıq təhlükədir. Belə insanlar həmin fikrə düşdüyü andan cəmiyyət üçün itirilir...

Bu istiqamətdə araşdırmalar apardıqca, gördüm ki, dinin bütün tərəfləri haqsızdır. Anladım ki, dinin mənəviyyata, daxili dünyaya, səmavi, ruhani kateqoriyalara aidiyyəti yoxdur. Din kütləni yönəltməyin bir vasitəsidir. Bu, mənə tam aydın oldu. Din mənim gözümdə mənəvi dəyərini, mahiyyətini itirdi. Başa düşürəm ki, biz istəməsək də, din kütlə şüuruna təsirin geniş bir kanalıdır və həmişə istifadə ediləcək.

Məni inkara yönəldən ən əsas səbəblərdən biri də budur ki, Allahın varlığını təsdiq etmək üçün heç bir əsas yoxdur.“Allah varmı, ya da yoxmu”, “İnsanı Allahmı yaradıb” kimi suallar avtomatik olaraq elmi cavabı olmayan suallardır.Sadəcə olaraq, Allah bir ideyadır. Bəşəriyyət bu günədək təxminən 30 minə qədər Allaha inanıb. Bu günki ərəblərin Allahı həm də bizim xalqımızın inandığı Allah həmin çoxminli allahlardan biridir.

Mən Tanrıya inanmıramsa, bu, ancaq o deməkdir ki, dini təfəkkürü deyil, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram. Dinin əsasında dayanan əsas amil vəhydir. Elmi təfəkkür isə vəhyi qəbul etmir, edə də bilməz. Hansısa bir alim durub desə ki, “vəhy var”, deməli, onun elmdən anlayışı yoxdur. Elmi təfəkkür tərzi olaraq, heç bir halda vəhyi qəbul edə bilməz. Niyə? Çünki, bunu biz yoxlaya, eksperiment apara, hətta nəzəri cəhətdən əsaslandıra bilmərik. Biz heç bir elmi metodla bunu təsdiq, ya da təkzib edə bilmərik. Demək, nə alınır? Elmi təfəkkür tərzini əsas tuturamsa, bu, avtomatik olaraq vəhyi qəbul etməməyim deməkdir. Vəhyi qəbul etməmək Quranın,Tövratın,İncilin müqəddəs kitab olduğuna inanmamaq deməkdir.

Elm ehkamdan çox uzaqdır. Elmi təhlükəsiz edən tərəf də elə odur ki, həmişə özünü yeniləyir. Din isə özünü yeniləmir. İslam dini yarandığı 7-ci əsrdə necə idisə, bu gün də odur. Dini modernləşdirməyə cəhdlər olur, bu, başqa məsələdir. Bəzi insanlar dini yeniləyib neoİslam yaratmağa, onu olmadığı kimi göstərməyə cəhd edirlər. Amma mahiyyət yenə də 7-ci əsrinki ilə eynidir. İslam 7-ci əsrin quldarlıq cəmiyyətinin mifoloji düşüncə sistemində yaranan təlimdir. Onu gətirib 21-ci əsrə tətbiq edəndə ortaya çox mənasız bir mənzərə çıxır.

Azərbaycan tolerant ölkə olsa belə İslam daha çox yayılmış dindir. Son zamanlar hər yerindən duran hicab taxıb “quran”dan danışmağa başlayır. Əvvəllər İslamdan söz açan insanların məntiqə sığmayan fikirlərini görəndə “bunu yəqin düz başa düşmürəm. Bunun hansısa başqa bir hikməti var. Sadəcə olaraq, mən anlaya bilmirəm”,- deyə düşünürdüm. Amma indi onları dinləyəndə anlayıram ki, burada heç bir gizli qat yoxdur. Bu, elə bizim bildiyimiz məişət ifadələrdir. Onlara hər dəfə qulaq asdıqca, gözümdə bir az da adiləşirlər.

İnsanların ehtiyacları var ki, öz dinlərini möcüzəli göstərsinlər. Əslində din sehrli olmalıdır, dini ağılla dərk etməyə çalışmaq lazım deyil. Dinə gərək vurulasan, bağlanasan, sevəsən, ovsunlanasan, məntiqi izahat axtarmayasan. Bizimkilər bunu bacarmırlar. Hər kəs gedib dinini yaşamalıdır, təkamül təliminə, nisbilik nəzəriyyəsinə qarışmamalıdır. Mən dinə içdən bağlı olan, ona aşiq olan insanların yanında heç vaxt İslamın əleyhinə bir kəlmə də danışmıram. Amma kimsə durub mənə sübut etməyə çalışanda ki, təkamül təlimi yalandır, insan palçıqdan yaranıb və ona ruh üfürülüb, buna reaksiya vermək lazım gəlir.Təkamül təlimi yalan deyil, dünyanın 100 elm ocağından 100-ü də təkamülü tədris edir, növlərin necə formalaşmasını öyrədir.

Indi isə İslamın müqəddəs kitabı olan Qurandan söz açmaq istəyirəm.

QURAN

Ümumiyyətlə, bu yanaşmanın özü mənə qəribə gəlir: Allah bir kitab göndərib, görüb ki, insanlar onu təhrif ediblər, sonra birini də göndərib. Görüb ki, insanlar bunu da təhrif ediblər, birini də göndərib. Ondansa, bir kitab göndərib, onu təhrifdən qorumaq Allahın əlində çox çətin bir iş olardı? Quranın təhrif olunub-olunmamağına gəlincə, bəli, etiraf edək ki, bizim əlimizdə Quranın ilkin variantının nüsxələri yoxdur.

Məhəmməd tacir olub. Tez-tez qonşu dövlətlərə səfər edib. Bu səfərlər əsnasında xristianlıq, yəhudilik və digər dinlər, inanclar haqqında məlumatlar əldə edib. Həmin dönəm yeni din yaratmaq cəhdlərinin çox olduğu dövrə təsadüf edirdir. Məhəmməd də bu cəhdlərdən birini edənlərdəndir. Sadəcə olaraq, onun cəhdi baş tutdu. İslama baxanda da görürsən ki, bir qədər zərdüştlükdən, bir qədər xristianlıqdan, bir qədər yəhudilikdən, bir qədər də şumerlikdən götürülmüş sintetik bir inanc sistemidir. Məsələn, oruc yəhudilikdən, “Quran”dakı bir çox rəvayətlər natamam və təhrif edilmiş formada “Bibliya”dan götürülüb. Yəni, “Quran”da sırf İslamın özünə aid olan orijinal bir məsələ yoxdur. Bu gün “Quran”da bizə “elm”, “yeni fikir” adı ilə təqdim edilən rəvayətlər həmin vaxt ərəblərin çayxanalarda, bazarlarda öz aralarında danışdıqları söhbətdir. Məsələn, “Quran”da göstərilən “iki dənizin biri-birinə qarışmaması” məsələsi... Bu məsələ ərəb nağıllarında, “Sindibadın səyahətləri”ndə də var. Yəni, “Quran”da yeni bir şey yoxdur.

Quran oxunması çətin, narahat olan, çoxlu lazımsız təkrarlarla insanı bezdirən bir kitabdır. “Cümlə bitmiş fikir bildirir” qaydası bu kitabda yoxdur, fikirlər qırıq-qırıq, adda-budda ifadə olunub. Tərtibat, logistika və redaktə baxımından sadəcə, dözülməzdir. Rasional məqsədlə kitab oxuyan adam üçün Quranı oxumaq əzabdır. Amma bütün bunlara baxmayaraq, oxuyuram.

Yaxşı , “quran”ı da kənara qoyaq. Gəlin, özümüz bir az fəlsəfi düşünək.

Mən beləyəmsə, sən eləsənsə, başqası başqa cürdürsə, bunun günahı tam bizdədirmi?! İnsan doğurdan da öz əməllərinin tam sahibidirmi?! İnsan doğurdan da, bütün qərarlarını özü qəbul edəcək qədər iradə sahibidirmi?! Bizim uşaqlıq vaxtı olduğumuz cəmiyyətin fikirləri alt şüurumuza oturur. Yetkin vaxtlarda isə onun təsiri ilə müxtəlif qərarlar veririk. Bir insanı alt şüurdakı proqram yönəldirsə, bu, onun günahıdırmı? Axtarsaq, bizim “günah” dediyimiz əməllərdə insanın payı bəlkə də 10 faizdir. Adam özü də fərqində olmadan təhtəlşüurundakı proqramların təsiri ilə addımlar atır, qərarlar qəbul edir.

Hal-hazırda çoxları mənim yazımı sadəcə söz yığını hesab edib öz-özünə deyinəcək. Amma bunu sizə izhar etmək istəyirəm ki, bir xristiana görə müsəlman, bir müsəlmana görə yəhudi, bir yəhudiyə digər dinlər səhv yoldadır. Bir krişnaçıya görə də onların hamısı səhv yoldadır. 5 milyard inanclının özü özünü inkar edir. Mənim bir müsəlmandan fərqim budur ki, o, 10 dini yalan sayırsa, mən 11 dini yalan sayıram. Bu qədər inanan insan ağılsız deyil , onlar sadəcə bunun mahiyyətini fikirləşmirlər. Məsələn, xristianlar üçün inanmaq sadəcə məişət ənənəsidir. Həftədə bir dəfə kilsəyə gedirlər, toy edirlər, vəssalam... Xristianlar çox gözəl bilirlər ki, İsa Allahın oğlu deyil, ümumiyyətlə, Allahın oğlu ola bilməz. XXI əsrdə buna heç kəs inanmır. Əgər İsa olubsa, hamı bilir ki, İsanın bioloji atası da olub. Bu, yüz faiz belədir.

Həmişə məntiqli sual verməyə çalışıram. Keçən həftə mənim mənəviyyat müəllimim, bizə başa salırdı ki, şeytan insanları azdırır, Allah axırda onu da cəzalandıracaq. Mən qulaq asandan sonra beynimdə belə bir sual yarandı : “Müəllim, Allah tutub şeytanı öldürsün, hamı da cənnətə getsin də”. Mənim ideologiya ilə çirklənməmiş ağlım anlayır ki, bu cür izahat absurddur. Bizə belə qəbul etdirməyə çalışırlar ki, həyat imtahandır. İmtahan nədir? Deyək ki, bir ali məktəbə yerlər məhduddur. 100 min insandan 5 mini ora düşə bilər. Məgər cənnətdə də yerlər məhduddur? Allahın əlində cənnəti geniş yaratmaq belə problemdir? Elə oranı sərhədsiz etsin, hamını da yaxşı yaradıb, ora salsın da. Hamı da dua etsin, həyatından zövq alsın.

Ümumiyyətlə, düşünürəm ki, qiyamət, haqq-hesab, məşhər, əməl dəftəri kimi düşüncələr mifdir.Belə bir məhkəmə həqiqətən olacaqsa, mənim özümün Allahı sorğulamaq üçün xeyli suallarım olacaq. Ola bilər ki, mənim həyatımdan şikayət etməyə elə də haqqım yoxdur. Ancaq həyatından şikayət etməyə həddindən artıq haqqı olanlar var. Özlərindən asılı olmayan səbəblərdən bədbəxt olmağa məhkum edilən uşaqlar var. Bütün ömrü məhv edilən qızlar, aclıq içində qalan körpələr var. Haqsızlıqla üzləşib, dünyanın ən ağır dəhşətlərini yaşayan insanlar var. Onların Allahı sorğu-suala çəkməsi üçün məşhərin qurulmağı mənim özümə də maraqlı olardı. Görmək istəyərdim ki, dünyadakı bu qədər faciələrin, insani dəhşətlərin cavabını kim və necə verəcək.

{(”Britaniyalı filosof Tomas Karlayev deyirdi ki, əgər İsa peyğəmbər indi gəlib desəydi ki, mən Allahın oğluyam, din gətirmişəm – heç kəs onu çarmıxa çəkməyəcəkdi, onu bir məclisə çağırıb danışdıracaqdılar və doyunca güləcəkdilər.”)}

Hazırkı dönəmdə din yarana bilməz, yaransa da baş tuta bilməz. Çünki müasir insanın beyni dinə inanacaq səviyyədə deyil. İnsanlar indi təbii qüvvələrə istinad edirlər. Artıq hər bir insan bilir ki, fövqəltəbii güc, mələk yoxdur, heç kəsə vəhy gələ bilməz. Əvvəllər hamı dindən danışırdı, indi heç kəs danışmır. Çünki hər yerdə video-kameralar var və evə cinin girmədiyini görürlər. Müasir dövrdə din yarana bilməz, proses artıq bitib. İslamdan sonra yeni dinlər yarandı. Məsələn, Bəhailik. Bu, dindir və milyondan çox inananı var. Milyon az rəqəm deyil. Onlar inanırlar ki, Bəhaullah həqiqətən peyğəmbərdir və Allahdan ona vəhy gəlib. İslamdan sonra təxminən 50-60 böyük din yaranıb. Amma indi elə bir şüur formasına çatmışıq ki, bundan sonra din yarana bilməyəcək.

Amma insanlar getdikcə həqiqətləri görürlər, sekulyarlığa meyillənirlər. Lakin din cəmiyyət daxilində bir qüvvədir, bunu heç kəs dana bilməz. Bu, kiçik qüvvə də deyil. Ən əsası budur ki, bu qüvvənin böyüməsi prosesi dayanıb. Bu, bizim gələcəyimiz baxımından yaxşı haldır.

SONLUQ

Mən istəmirəm ki, insanlar dinin beyinlərə hakim olduğu cəmiyyətdə yaşasın. Mən istəmirəm ki, 3-5 yaşında uşağa “Allah var, cənnətdə gözəl həyat , cəhənnəmdə isə bizə əzab verəcək” kimi şeylər aşılasınlar. Mən istəmirəm ki, qızlar məktəbi qurtaran kimi qorxudan çadra örtsün. Din çox sürətlə, israrlı şəkildə sosial münasibətlərə, siyasətə qarışır. Ortada sekulyar düşüncəli insanlar olmayacaqsa, gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər. Mən öz cəmiyyətimi savadlı insan kimi görməyə çalışıram. Onlara Təkamül Təlimini də, kainatı elmi olaraq tanıdan digər nəzəriyyələri də, dini də olduğu kimi, heç birini pisləmədən və tərifləmədən başa salmağa çalışıram. Dini seçsələr belə, onlara mane olmuram. Təki, onlar, hər şeyi bilsinlər, dünyagörüşləri geniş olsun. Seçimlərini özləri edərlər. Yoxsa, 3 yaşındakı qızın başını bağlamaq, əlinə Quran vermək, uşaqlara kəlmeyi-şəhadət dedizdirmək mənəvi barbarlıqdır. Bu, artıq mənəviyyat da deyil, onun tam əksinədir.


Din bir şahmatdır, sən də bu oyunun bir vəzirisən, bu 64 xananın içinə düşmüş bir zavallısan. O qədər zavallısan ki, özünü oyundakı ən güclü fiqur hesab edirsən. Halbuki buarada şah da var. Hətta sən bəlkə də rəqib şahını əldə etmək üçün qurban edilən vəzirsən!!!

ב.פ